Ozan Can Kökçü cari mövsümdə 8-ci qolunu vurdu

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 27-ci turu çərçivəsində keçirilmiş “Venlo” ilə oyunun iştirakçısı olub.

“Eyndhoven” səfərdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Ozan Can bu görüşə start heyətdə başlayıb və 87-ci dəqiqədə əvəzlənib. Komandasının ikinci qolunu da Ozan vurub. O, 55-ci dəqiqədə meydan sahiblərini məyus edib. Bununla da Kökçü cari mövsümdə vurduğu qolların sayını 8-ə çatdırıb. Onun hesabında 2 məhsuldar ötürmə də var.

Sonuncu dəfə ötən ilin dekabr ayında qələbə qazanmış “Eyndhoven” 8 oyundur 3 xala həsrətdir. Komanda son oyunlarında 4 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. “Eyndhoven” cari mövsümdə qazandığı 33 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 66 oyuna çıxıb, 14 qola imza atıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.