Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 28-ci turu çərçivəsində keçirilmiş “Alkmar”ın gənclərdən ibarət komandası ilə oyunun iştirakçısı olub.
“Eyndhoven” evdə baş tutan bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. Hesabı 57-ci dəqiqədə qonaqlar açıblar. Eyndhovenlilər buraxılan qolun əvəzini 65-ci dəqiqədə çıxa biliblər.
Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Komandasının bərabərlik qolunu da Ozan vurub. O, 90+3-cü dəqiqədə sarı vərəqə də alıb.
Kökçü bu oyunda fərqlənməklə cari mövsümdə vurduğu qolların sayını 9-a çatdırıb. Onun hesabında 2 məhsuldar ötürmə də var.
Sonuncu dəfə ötən ilin dekabr ayında qələbə qazanmış “Eyndhoven” 9 oyundur 3 xala həsrətdir. Komanda son oyunlarında 5 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. “Eyndhoven” cari mövsümdə qazandığı 34 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 67 oyuna çıxıb, 15 qola imza atıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.


