Ozan Can Kökçü “De Qrafşap”a qarşı 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 22-ci turu çərçivəsində baş tutan “De Qrafşap”la oyunun iştirakçısı olub.

“Eyndhoven” doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. Cari mövsümdə 7 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olmuş Kökçü bu dəfə fərqlənə bilməyib.

“Eyndhoven” cari mövsümdə qazandığı 30 xalla 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 60 oyuna çıxıb, 13 qola imza atıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.