Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK klubuna transferi ilə bağlı fikirlərini paylaşıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu keçidini Helsinki klubunun rəsmi saytı üçün şərh edib.
O bildirib ki, yeni komandasını “Qarabağ”la oyunlar zamanı tanıyıb: “Klubu avrokuboklardan tanıyıram. Bilirdim ki, HJK Finlandiyanın ən böyük və ən uğurlu klubudur. Komandanı ilk dəfə ötən il Avropa Liqasının təsnifat mərhələsində “Qarabağ”la oyun zamanı da görmüşdüm. Yığmadakı komanda yoldaşlarımın çoxu Azərbaycan çempionunun formasını geyindiyindən hər iki matça baxmışdım”.
Kökçü klubun mətbuat xidmətinə müsahibəsində millimizi seçməsinə də toxunub: “Qroningen”lə Norveçdə gənclər arasında keçirilən turnirdə iştirak edirdim. Orada oyunumuzu skautlar izləyirdi. Turnirin qalibi olduq və mən ən yaxşı oyunçu kimi tanındım. Sonra Azərbaycan nümayəndələri mənimlə maraqlandılar. Azərbaycanlılar və türklər qardaşdırlar, ona görə də bu yığmanın heyətində yer almaq mənim üçün şərəfdir”.
Ozan Finlandiya klubunun heyətindəki hədəflərindən də söz açıb:
“Son bir neçə mövsüm, xüsusilə də sonuncusu mənim üçün çox yaxşı keçdi. Hiss etdim ki, indi addımı daha yüksək səviyyəyə atmaq lazımdır. Ona görə də HJK-in təklifi yerinə düşdü. Burda çempionluq və avrokubok üçün mübarizə aparacağam”.
Xatırladaq ki, son iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü HJK ilə 2,5 illik müqaviləyə imza atıb. O, Azərbaycan milli komandasının heyətində 7 oyuna çıxıb və 2 məhsuldar ötürmə müəllifi olub.