Niderlandın “Eyndhoven” klubunda forma geyinən Ozan Can Kökçü Azərbaycanın əsas milli komandasına dəvət alıb. Arena.az xəbər verir ki, bu barədə Niderland mətbuatı məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi UEFA Millətlər Liqası çərçivəsində baş tutacaq Slovakiya və Qazaxıstan yığmaları ilə oyunlar üçün millimizin heyətinə cəlb olunacaq. Daha əvvəl Azərbaycanın U-20 və U-21 millisində forma geyinmiş Türkiyə əsilli oyunçu ilk dəfə əsas yığmamıza çağırılır. O, 2020-ci ilin avqustunda Kipr və Lüksemburqla UEFA Millətlər Liqasının matçları üçün açıqlanan ehtiyat heyətdə yer alıb. Lakin Kökçü toplanışda iştirak etməyib.
“Eyndhoven”ə bu yay “Telstar”dan transfer olunan Ozan Can Kökçü, bu komandanın heyətində keçirdiyi 6 oyunda 3 qola imza atıb. O, daha öncə ölkəmizdə “Sabah”ın formasını geyinib. Ozan Türkiyənin “Bursaspor”, “Girəsunspor”, Niderlandın “Valveyk”, “Telstar”, “Qroningen”, “Feyenoord” klublarının da formasını geyinib.
Xatırladaq ki, sentyabrın 22-də Slovakiyanın qonağı olacaq Azərbaycan yığması, 3 gün sonra Qazaxıstanı qəbul edəcək. Daha öncə Polşanın “Visla” (Plotsk) komandasında çıxış edən Anton Krivotsyukun da bu oyunlar üçün millimizə dəvət aldığı açıqlanmışdı. Lakin yığmamızın baş məşqçisi Canni De Byazi hələ bu iki matç üçün yekun heyəti açıqlamayıb.