Ozan Can Kökçü mövsümün son matçında 90 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Finlandiya çempionatının 27-ci turu çərçivəsində “KuPS” ilə üz-üzə gəlib.

Helsinki klubu səfərdə baş tutan bu oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

Ozan mövsümün son görüşünə start heyətdə başlayıb və sonadək oynayıb. O, 90+6-cı dəqiqədə sarı vərəqə də alıb.

Qeyd edək ki, bu, Ozanın Finlandiya çempionatındakı 8-ci oyunu olub. O, bu görüşlərdə 1 assistlə fərqlənə bilib.

Son 5 oyununda qələbəyə həsrət qalan, ardıcıl üçüncü məğlubiyyətinə üzülən HJK 27 oyuna topladığı 45 xalla mövsümü 3-cü pillədə başa vurub və bürünc medalla kifayətlənib. “KuPS” isə 56 xalla Finlandiya çempionu olub. 2-ci yeri 54 xal toplamış “İlves” tutub.

Son iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü bu il iyulun 31-də HJK ilə 2,5 illik müqaviləyə imza atıb. O, bu klubun heyətində 13 oyun keçirib, 1 məhsuldar ötürmə edib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.