Ozan Can Kökçü oynadı, “Eyndhoven” səfərdə xalsız qaldı

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Niderland Birinci Divizionunun 10-cu turu çərçivəsində baş tutan “Den Haaq” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Eyndhoven” meydanı 0:1 hesablı məğlubiyyətlə tərk edib.

Ozan Can Kökçü bu görüşə start heyətdə başlayıb və 69-cu dəqiqədə əvəzlənib. Cari mövsümdə 4 qol vurmuş millimizin futbolçusu bu dəfə fərqlənə bilməyib.

“Eyndhoven” 10 oyuna topladığı 19 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

Ozan “Eyndhoven”ə bu yay “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib.