Ozan Can Kökçü oynadı, komandası “Breda”ya evdə uduzdu

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Niderland Birinci Divizionunun 34-cü çərçivəsində keçirilmiş lider “Breda” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” meydanı 1:2 hesablı məğlubiyyətlə tərk edib.

Ozan Can Kökçü bu görüşün 78-ci dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 6 qol vurmuş millimizin üzvü bu oyunda fərqlənə bilməyib.

“Eyndhoven” cari mövsümdə keçirdiyi 34 oyuna 51 xal toplayıb və 20 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır.

Xəbəri sosial şəbəkələrdə paylaş: