Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu Niderland Birinci Divizionunun 32-ci turu çərçivəsində keçirilmiş “Kambur”la oyunun iştirakçısı olub.
“Eyndhoven” doğma meydanda baş tutan bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:3.
Ozan Can bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb. O, 45+4-cü dəqiqədə sarı vərəqə alıb. Cari mövsümdə 10 qol vurmuş futbolçu bu dəfə fərqlənə bilməyib. Onun hesabında 2 məhsuldar ötürmə də var.
“Eyndhoven” cari mövsümdə qazandığı 38 xalla 20 kollektiv arasında 14-cü pillədə qərarlaşıb. Komanda 8 qələbə qazanıb, 14 heç-heçə edib və 10 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Ozan Can Kökçü “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır. O, “Eyndhoven”də bütövlükdə 72 oyuna çıxıb, 17 qola imza atıb, 2 məhsuldar ötürmə ilə yadda qalıb.