Ozan Can Kökçü üçün 18 dəqiqə, 1 “sarı” və 3 xal

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Niderland Birinci Divizionunun 36-cı turu çərçivəsində keçirilmiş “Roda” ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Eyndhoven” meydanı 2:1 hesablı qələbə ilə tərk edib.

Ozan Can Kökçü bu görüşün 72-ci dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 6 qol vurmuş millimizin üzvü bu oyunda fərqlənə bilməyib. O, 90+3-cü dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

“Eyndhoven” cari mövsümdə keçirdiyi 36 oyuna 57 xal toplayıb və 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır.