Ozan Can Kökçü üçün 73 dəqiqə və pley-offa vəsiqə

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Eyndhoven” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçu Niderland Birinci Divizionunun 2022/2023 mövsümünün sonuncu 38-ci turu çərçivəsində baş tutan PSV-nin gənclərdən ibarət komandası ilə görüşün iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə qarşılaşıb. “Eyndhoven” mövsümün son matçında meydanı 1:1 hesablı heç-heçə ilə tərk edib.

Ozan Can Kökçü bu görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Cari mövsümdə 6 qol vurmuş millimizin üzvü bu oyunda fərqlənə bilməyib.

“Eyndhoven” başa çatan mövsümdə keçirdiyi 38 oyuna 58 xal toplayıb və 20 kollektiv arasında 8-ci pilləni tutub. Bu isə komandaya Eredivizyaya sonuncu vəsiqə uğrunda pley-off oyunlarında iştirak hüququ qazandırıb.

Ozan Can isə mövsümün əsas hissəsində 34 oyuna çıxıb. O, bu görüşlərdə 6 qol vurmaqla yanaşı, 5 dəfə sarı vərəqə ilə də cəzalanıb.

Xatırladaq ki, Ozan Can “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır.