Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Finlandiya çempionatının 23-cü turu çərçivəsində bu gün SJK ilə üz-üzə gəlib.
Helsinki klubu doğma meydanda baş tutan bu oyundan 2:2 hesablı heç-heçə ilə ayrılıb.
Ozan bu görüşə start heyətdə başlayıb. O, 74-cü dəqiqədə – hesab 2:1 komandasının xeyrinə olarkən əvəzlənib. Komandasının vurduğu ilk qol zamanı Ozan məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, bu, Ozanın Finlandiya çempionatındakı 4-cü oyunu olub. O, bu görüşlərdə hələlik 1 assistlə fərqlənə bilib.
HJK 23 turdan sonra topladığı 44 xalla 1-ci pillədə qərarlaşıb. SJK isə 37 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır.
Son iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü bu il iyulun 31-də HJK ilə 2,5 illik müqaviləyə imza atıb. O, bu klubun heyətində 8 oyun keçirib, 1 məhsuldar ötürmə edib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 9 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.