Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Finlandiya çempionatının 22-ci turu çərçivəsində bu gün VPS-lə üz-üzə gəlib.
Helsinki klubu səfərdə baş tutan bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıb.
Ozan bu görüşə start heyətdə başlayıb. O, 65-ci dəqiqədə – hesab 2:1 olarkən əvəzlənib.
Qeyd edək ki, bu, Ozanın Finlandiya çempionatındakı üçüncü oyunu olub.
HJK 22 turdan sonra topladığı 43 xalla 2-ci pillədə qərarlaşıb. VPS isə 32 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alır. Çempionatın yarış cədvəlinə 44 xalı olan KuPS başçılıq edir.
Son iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü bu il iyulun 31-də HJK ilə 2,5 illik müqaviləyə imza atıb. O, bu klubun heyətində 7 oyun keçirib, fərqlənə bilməyib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 7 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.