Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçunun komandası Niderland Birinci Divizionundan Erediviziyaya sonuncu vəsiqə uğrunda “Almere Siti” ilə ilk pley-off görüşünü keçirib.
Sözügedən kollektiv bu rəqiblə doğma meydanda qarşılaşıb. “Eyndhoven” meydanı 1:0 hesablı qələbə ilə tərk edib.
Ozan Can Kökçü bu görüşün iştirakçısı olmayıb. Cari mövsümdə 6 qol vurmuş millimizin üzvü sonadək ehtiyatda qalıb.
Bu komandaların növbəti matçı mayın 26-da “Almere Siti”nin meydanında baş tutacaq. İki oyunun nəticəsində qalib olacaq komanda növbəti mərhələdə “Venlo” – “Villem II” cütünün güclüsü ilə üz-üzə gələcək.
Xatırladaq ki, “Eyndhoven” mövsümün əsas hissəsində keçirdiyi 38 oyunda 58 xal toplayıb və 20 kollektiv arasında 8-ci yeri tutub. Bu isə sözügedən kollektivə Erediviziyaya vəsiqə uğrunda pley-off oyunlarında iştirak hüququ qazandırıb.
Ozan isə mövsümün əsas hissəsində 34 oyuna çıxıb. O, bu görüşlərdə 6 qol vurmaqla yanaşı, 5 dəfə sarı vərəqə ilə də cəzalanıb.
Xatırladaq ki, Ozan Can “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır.