Ozan Can və komandası Konfrans Liqasının əsas mərhələsində!

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Finlandiyanın HJK klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun komandası Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Farer adaları təmsilçisi “Klaksvik”lə üz-üzə gəlib.

Finlandiya klubu bu rəqiblə ilk oyununu səfərdə keçirmişdi. Dörd qolluq qarşılaşmada qalib müəyyənləşməmişdi – 2:2. Cavab görüşü isə bu gün Helsinkidə təşkil olunub. Oyunda hesabı 57-ci dəqiqədə qonaqlar açıblar. 90 və 90+3-cü dəqiqələrdə iki qol vuran Finlandiya təmsilçisi 2:1 hesablı əzmkar qələbə sayəsində növbəti mərhələyə yüksəlib.

Ozan bu görüşün 67-ci dəqiqəsində meydana buraxılıb.

Xatırladaq ki, son iki mövsümü Niderlandın “Eyndhoven” klubunda keçirmiş Ozan Can Kökçü bu il iyulun 31-də HJK ilə 2,5 illik müqaviləyə imza atıb. O, bu klubun heyətində 6 oyun keçirib, hələlik fərqlənə bilməyib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 7 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.