Ozan Can və komandasının Erediviziya arzusu gerçəkləşmədi

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 24 yaşlı futbolçunun komandası Niderland Birinci Divizionundan Erediviziyaya sonuncu vəsiqə uğrunda “Almere Siti” ilə cavab pley-off görüşünü keçirib.

Sözügedən kollektiv bu rəqiblə ikinci matçında səfərdə qarşılaşıb. Doğma meydanda 1:0 hesablı qələbəyə sevinmiş “Eyndhoven”ə mərhələ adlamaq üçün heç-heçə də bəs edirdi. İlk hissəsi qolsuz bitən matçda hesabı 80-ci dəqiqədə meydan sahibləri açıblar. Amma Ozanın komandası cəmi 4 dəqiqə sonra penaltidən vurulan qolla hesaba tarazlıq gətirib. Mübarizəni dayandırmağa çox yaxın olan “Almere Siti” 90+4-cü dəqiqədə qələbə qolunu vurub. Beləcə, əsas vaxt 2:1 meydan sahiblərinin xeyrinə tamamlanıb. Bu üzdən cütün qalibini müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. 109-cu dəqiqədə daha bir qol vuran “Almere Siti” pley-offda mərhələ adlayan tərəf olub.

Ozan Can Kökçü də bu görüşün iştirakçısı olub. O, 90+1-ci dəqiqədə meydana buraxılıb. Cari mövsümün əsas hissəsində 6 qol vurmuş millimizin üzvü bu dəfə fərqlənə bilməyib. Əvəzində o, 119-cu dəqiqədə kobud oyuna görə sarı vərəqə ilə cəzalanıb.

Beləliklə, Ozan Can və komandası üçün 2022/2023 mövsümü başa çatıb.

Xatırladaq ki, “Eyndhoven” mövsümün əsas hissəsində keçirdiyi 38 oyunda 58 xal toplayıb və 20 kollektiv arasında 8-ci yeri tutub. Bu isə sözügedən kollektivə Erediviziyaya vəsiqə uğrunda pley-off oyunlarında iştirak hüququ qazandırmışdı.

Ozan isə mövsümün əsas hissəsində 34 oyuna çıxıb. O, bu görüşlərdə 6 qol vurmaqla yanaşı, 5 dəfə sarı vərəqə ilə də cəzalanıb.

Xatırladaq ki, Ozan Can “Eyndhoven”ə 2022-ci ilin yayında “Telstar”dan gəlib. Yarımmüdafiəçi daha öncə “Valveyk” və “Girəsunspor” komandalarının, həmçinin “Sabah”ın da uğurları üçün çalışıb. Ozan Azərbaycanın U-20 və U-21 yığmalarının da formasını geyinib, 2022-ci ildən isə əsas milliyə dəvət alır.