Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçü Niderlandın “Volendam” klubunun çempionat oyununu buraxmalı olub.
Arena.az xəbər verir ki, sözügedən komanda Niderland çempionatının (Erediviziya) 2025/2026-cı illər mövsümünün 11-ci turunda “Feyenord”la qarşılaşıb.
“Volendam” səfərdə baş tutmuş bu oyundan məğlubiyyətə üzülüb – 1:3.
Ozan bu görüşün iştirak ərizəsinə də daxil edilməyib. Buna onun zədədən əziyyət çəkməsi səbəb olub.
“Volendam” 11 turdan sonra 10 xalla 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb. Ozan bu oyunların 10-da iştirak edib, 1 qol vurub.
Xatırladaq ki, Özan Can Kökçü bu ilin may ayında “Volendam”la 1+1 illik müqavilə imzalayıb. O, Niderland klubuna Finlandiya təmsilçisi HJK-dan azad agent kimi keçib.
Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 14 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.



