Futbol üzrə Özbəkistan milli komandasına yeni baş məşqçi təyin olunub. Arena.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Sreçko Kataneç çalışdıracaq.
Bu barədə Özbəkistan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub.
Kataneçin məşqçilər korpusunda beş əcnəbi mütəxəssis də yer alacaq. Aleş Çex və Vlado Radmanoviç onun əsas köməkçiləri təyin olunub. Fiziki hazırlıq üzrə məşqçi Martin Magister olacaq. Nihad Peykoviç qapıçılar üzrə məşqçi, Yan Kataneç isə fizioterapevt təyin edilib.
Xatırladaq ki, Kataneçin son iş yeri İraq yığması olub. O, 2018-ci ildən çalışdırdığı bu komandadan bu ilin iyulunda istefaya göndərilib. Sloveniyadan olan 58 yaşlı mütəxəssis əvvəllər “Qoritsa”, “Olimpiakos” klublarında, həmçinin Sloveniya, Makedoniya, Birləşmiş Ərəb Əmirlikləri yığmalarında baş məşqçi kimi çalışıb. Onun ən böyük uğuru Sloveniya yığmasını AÇ-2000 və DÇ-2002-yə çıxarmaq olub.
Özbəkistan yığmasını isə son olaraq Vadim Abramov çalışdırırdı. O, bu ilin iyun ayında istefaya göndərilmişdi.


