Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Valyadolid” klubunda baş məşqçi Xose Roxo Martin (Paçeta) istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. La Liqanın 27-ci turu çərçivəsində ötən gecə keçirilmiş Madrid “Real”ı ilə səfər oyunundakı 0:6 hesablı məğlubiyyət klub rəhbərliyinin səbr kasasını daşırıb və baş məşqçi postundan kənarlaşdırılıb. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, Xose Roxo Martin 2021-ci ilin iyul ayından “Valyadolid”ə rəhbərlik edirdi. Paçeta ləqəbli ispan məşqçi bu komandanı bütövlükdə 75 matça çıxarıb. Komanda bu oyunlarda 36 qələbə qazanıb, 13 heç-heçə edib və 26 məğlubiyyətə üzülüb. “Valyadolid” La Liqaya ötən mövsümün yekununda məhz Paçetanın rəhbərliyi altında vəsiqə qazanmışdı.
Komanda bu mövsüm La Liqada keçirdiyi 27 oyunda 8 qələbə qazanıb, 4 heç-heçə edib və 15 məğlubiyyətə üzülüb. “Valyadolid” hazırda 28 xalla 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.
Sonda onu da qeyd edək ki, “Valyadolid”in əsas sahiblərindən biri Braziliya millisinin əfsanəvi hücumçusu Ronaldo Nazariodur.


