“Kəpəz” yeni transferi, braziliyalı hücumçu Luis Henrike Paçu Lira Gəncə klubunun mətbuat xidmətinə açıqlama verib.
Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu “Kəpəz”ə keçdiyi üçün özünü xoşbəxt hiss etdiyini söyləyib:
“Azərbaycanda qaldığım, Gəncəyə gəldiyim üçün xoşbəxtəm. “Kəpəz” ölkənizdə ənənəvi, köklü klubdur. Burada məni çox yaxşı qarşıladılar. Mənə qarşı münasibət xoşdur. Eləcə də digər futbolçulara qarşı klubda səmimi ab-havanı hiss edirəm. Bir neçə gündür ki, komanda ilə birlikdə məşqlərə çıxıram. Artıq çalışmaq vaxtıdır. Öz üzərimdə işləyirəm, nəyə qadir olduğumu göstərməyə çalışıram”.
Braziliyalı forvard əsas heyətə düşmək üçün əlindən gələni edəcəyini vurğulayıb. Bunun üçün mübarizəyə hazır olduğunu söyləyib: “Hücum xəttində məşqçilərin seçim etmək imkanı var. Mən də özümü ən yaxşı tərəfdən göstərməklə heyətdə yer almaq istəyirəm. Fiziki vəziyyətimi yaxşılaşdırmaq üçün çalışıram. Mümkün qədər tez optimal formama qayıtmaq istəyirəm. Bura “Kəpəz”ə kömək etməyə gəlmişəm”.
Paçu Lira komandanın düşdüyü vəziyyətdən çıxartmaq üçün hamının səfərbər olduğunu da əlavə edib: “Hamımız bir olmalıyıq ki, bu durumdan çıxa bilək. Komandada birlik var. Vəziyyəti yaxşılaşdırmaq biz futbolçulardan asılıdır. Bunun üçün çox çalışacağıq. Bir uğurlu nəticə hər şeyi dəyişəcək”.
Qeyd edək ki, hesabında xal olmayan “Kəpəz” Azərbaycan Premyer Liqasının cari mövsümündə 7-ci turdan sonra sonuncu – 10-cu pillədə qərarlaşıb.
Ötən mövsümü “Turan Tovuz”da keçirmiş Paçu bir neçə gün öncə azad agent kimi “Kəpəz”lə müqavilə bağlayıb. O, mövsümün sonunadək bu komandanın uğurları üçün çalışacaq.