Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Qranada” klubu əsas komandanın baş məşqçisi Pako Lopes ilə vidalaşmağa qərar verib.
Arena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Autsayderin La Liqanın 14-cü turunda “Alaves”lə oyundakı 1:3 hesablı məğlubiyyəti gözlənilən istefanın rəsmiləşməsinə gətirib çıxarıb.
Pako Lopes 2022-ci ilin noyabr ayından “Qranada”ya rəhbərlik edirdi. O, bu müddətdə sözügedən komandanı 44 oyuna çıxarıb. Bu görüşlərdə 18 qələbə qazanmış elita təmsilçisi 9 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb. 56 yaşlı ispan mütəxəssis daha öncə “Levante”, “Valensiya”, “Kartaxena”, “Alkoyano”, “Benidorm” kimi komandalarda da baş məşqçi kimi çalışıb.

Artıq “Qranada”nın yeni baş məşqçisi də müəyyənləşib. Sözügedən komandanı bundan sonra Aleksandr Medina çalışdıracaq. 45 yaşlı uruqvaylı mütəxəssislə müqavilə bu mövsümün sonunadək nəzərdə tutulub.
Aleksandr Medina daha öncə “Veles Sarsfild”, “İnternasyonal”, “Talyeres”, “Nasyonal” kimi komandalarda da baş məşqçi olub.
“Qranada” bu mövsüm İspaniya La Liqasında 14 oyundan yalnız 1-də qalib gəlib. Komanda 7 xal toplayıb və turnir cədvəlində 20 iştirakçı arasında 19-cu sırada qərarlaşıb.