Portuqaliya millisinin və “Bayern”in dayaq yarımmüdafiəçisi Joao Palinya Münhen klubunun heyətində az oyun şansı qazanmasından danışıb.
Arena.az xəbər verir ki, portuqal futbolçu Almaniya nəhənginə keçən yay 51 milyon avro məbləğ müqabilində keçsə də, bu komandanın heyətində bütün yarışlarda cəmi 154 dəqiqə oynayıb.
Yarımmüdafiəçi bu duruma belə şərh verib: “Mənim də vaxtım gələcək. Ona görə də hər gün çox işləyirəm. Fürsətimi əldə etmək üçün mübarizə aparıram. İnsanların, səbrim tükəndiyini deməsi məni narahat etmir”.
Xatırladaq ki, Portuqaliya millisinin də üzvü olan Palinya “Bayern”ə 2024-cü ilin iyul ayında İngiltərənin “Fulhem” klubundan keçib. Münhen klubu bu transfer üçün “Fulhem”ə 51 milyon avro ödəyib. 29 yaşlı futbolçu ilə 4 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb.
Palinya Almaniya nəhənginin heyətində bütövlükdə 6 oyuna çıxıb. O, bu görüşlərdə fərqlənə bilməyib.
Joao Palinya Lissabon “Sportinq”inin yetirməsidir. O, vaxtilə icarə əsasında ölkəsinin “Moreyrense”, “Belenenseş” və “Braqa” klublarında da forma geyinib.
Palinya “Fulhem”ə 2022-ci ilin iyul ayında “Sportinq”dən 22 milyon avro qarşılığında keçmişdi. Futbolçu İngiltərə klubunun heyətində 79 oyuna çıxıb, 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Portuqaliyanın U-18, U-19 və U-20 yığmalarında da oynamış Joao, 2021-ci ilin mart ayında debüt etdiyi əsas millidə indiyə qədər 32 oyuna çıxıb. O, bu oyunlarda 2 qol vurub, 1 assist edib.
“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.



