İtaliyanın “Torino” komandasının baş məşqçisi Paolo Vanoli A Seriyasında avqust ayının ən yaxşı məşqçisi elan edilib.
Arena.az bu barədə İtaliya A Seriyasının rəsmi saytına istinadən məlumat verir.
“Torino” avqust ayında A Seriyasında 3 oyun keçirib. Vanolinin komandası bu oyunlardan ikisində qalib gəlib, birində heç-heçə edib. Mövsümə “Venesiya” üzərindəki səfər qələbəsiylə (1:0) başlamış Turin klubu, 2-ci turda da doğma meydanda “Atalanta”nı 2:1 hesabıyla üstələmişdi. 3-cü tura təsadüf edən “Milan”la səfər oyununda isə məhsuldar heç-heçə (2:2) qeydə alınıb.
A Seriyasında 3 turdan sonra 7 xala malik “Torino” 3-cü pillədə qərarlaşıb. İlk sıralarda qərarlaşmış digər komandaların – “İnter”, “Yuventus” və “Udineze”nin də 7 xalı var.
Paolo Vanoli bu ilin iyul ayından “Torino”ya rəhbərlik edir. 52 yaşlı italyan mütəxəssisin bu klubla 2026-cı ilin 30 iyununadək müqaviləsi var. O, Turin təmsilçisini hələlik 4 oyuna çıxarıb, 3 qələbə və 1 heç-heçə görüb.
Vanoli “Torino”dan öncə “Venesiya”, “Spartak” (Moskva) kimi klublarda, İtaliyanın U-16, U-18 və U-19 yığmalarında da baş məşqçi kimi çalışıb.
Xatırladaq ki, daha öncə A Seriyasında avqust ayının ən yaxşı oyunçusu da açıqlanmışdı. Bu mükafata “İnter”in hücumçusu Markus Türam layiq görülmüşdü.