Paris-2024-ə Avropa rekordçusu kimi

Bu il Fransada təşkil ediləcək Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək kişi boksçuların tam siyahısı bəlli olub.

Arena.az xəbər verir ki, Fransa paytaxtına son vəsiqələr Tailandın paytaxtı Banqkokda keçirilən 2-ci Dünya Olimpiya Təsnifat Turnirində sahiblərini tapıb.

7 çəkidə 121 boksçu

Dördilliyin ən mötəbər multiidman tədbirində 7 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Parisdə ümumilikdə 121 kişi boksçu mübarizə aparacaq. 51 kq, 57 kq və 80 kq çəkilərdə 17, 63,5 kq və 71 kq çəkilərdə 19, 92 kq və +92 kq çəkilərdə isə 16 dəri əlcək sahibi rinqə çıxacaq.

Dünyada 48 ölkə

Fransa paytaxtında ümumilikdə 49 komandanın üzvləri mübarizə aparacaq. Onlardan biri Qaçqınların Olimpiya Komandasıdır. Digər 48 yığma isə fərqli ölkələri təmsil edir. Yalnız iki ölkə bütün çəkilərdə boksçu göndərəcək. Bunlar Özbəkistan və Qazaxıstan milliləridir.

Azərbaycanın “penta-trik”i

Azərbaycan yığması Olimpiadada 5 boksçu ilə təmsil olunacaq. Nicat Hüseynov (51 kq), Malik Həsənov (63,5 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) Fransa paytaxtında rinqə çıxacaq. Yığmamız yalnız iki çəki dərəcəsində Olimpiadadan kənar qalıb. Bunlar 57 kq və 71 kq kateqoriyalarıdır.

ABŞ-dan öndə, Kuba ilə çiyin-çiyinə

Azərbaycan millisi lisenziya sayında dünyanın yalnız üç ölkəsindən geri qalır. Maksimal göstəriciyə malik Özbəkistan və Qazaxıstan, həmçinin 6 vəsiqəsi olan Avstraliya daha öndədir. Dünya 4-cüsü adına şərik olan yığmamız Kuba kimi boks lideri ilə eyni göstəriciyə malikdir. Təkcə boks deyil, Olimpiadaların nəhəngi sayılan ABŞ isə cəmi 4 lisenziya ilə Azərbaycana həsəd aparır.

Avropa rinqinin ağası

Paris-2024-də iştirak edəcək 121 boksçudan yalnız 48-si Avropanı təmsil edir. “Köhnə qitə”nin cəmi 20 ölkəsi olimpiya lisenziyasına sevinib. Avropa rinqinin ağası olduğunu sübut edən millimiz qitədə 1-ci yerə şərikdir. Yalnız İspaniya Azərbaycan qədər – 5 vəsiqə əldə edib. İtaliya, Ukrayna, Böyük Britaniya, Türkiyə kimi ölkələr isə yığmamıza aşağıdan yuxarı baxır.

Paris-2024-ə lisenziya qazanan kişi boksçular ölkələr üzrə:

  1. Özbəkistan – 7
  2. Qazaxıstan – 7
  3. Avstraliya – 6
  4. Azərbaycan – 5
  5. Kuba – 5
  6. Braziliya – 5
  7. İspaniya – 5
  8. ABŞ – 4
  9. İrlandiya – 4
  10. Fransa – 4
  11. İtaliya – 3
  12. Tailand – 3
  13. Türkiyə – 3
  14. Böyük Britaniya – 3
  15. Bolqarıstan – 3
  16. Ukrayna – 3
  17. İordaniya – 3
  18. Macarıstan – 2
  19. Əlcəzair – 2
  20. Çin – 2
  21. Hindistan – 2
  22. Çin Taypeyi – 2
  23. Filippin – 2
  24. Polşa – 2
  25. Meksika – 2
  26. Belçika – 2
  27. Dominikan Respublikası – 2
  28. Ekvador – 2
  29. Misir – 2
  30. Nigeriya – 2
  31. Tacikistan – 2
  32. Gürcüstan – 2
  33. Yaponiya – 2
  34. Serbiya – 1
  35. Kolumbiya – 1
  36. Kanada – 1
  37. Almaniya – 1
  38. Norveç – 1
  39. Puerto-Riko – 1
  40. Qaçqınların Olimpiya Komandası – 1
  41. İsveç – 1
  42. Venesuela – 1
  43. Ermənistan – 1
  44. Kabo-Verde – 1
  45. Xorvatiya – 1
  46. Danimarka – 1
  47. Qırğızıstan – 1
  48. Samoa – 1
  49. Zambiya – 1