Paris-2024: Alfonso Dominqes 1/4 finala yüksəldi

Azərbaycan boksçusu Alfonso Dominqes Fransada keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) mübarizəyə başlayıb.

Arena.az xəbər verir ki, 92 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü bu gün ilk döyüşünə çıxıb.

Dünya çempionumuz 1/8 finalda Xulio Sesar la Krusla (Kuba) üz-üzə gəlib. Dominqes inamlı döyüş sayəsində ikiqat Olimpiya çempionuna 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə qalib gəlib.

Dominqes ilk döyüşdən sonra jurnalistlərə açıqlama verib. O, güclü rəqibi üzərində qələbəsini belə şərh edib:

“Çox çətin döyüş oldu. Mən bu yarışa çox yaxşı hazırlaşmışdım. Yaxşı məşq keçmişəm. Bilirəm ki, bütün Azərbaycan məni dəstəkləyir, buna görə də təşəkkürümü bildirirəm. Məşqçilərimə və bütün komanda üzvlərinə dəstəyə görə minnətdaram. Bu son deyil, qarşıda döyüşlər var. Daha da irəli getmək lazımdır. Bu gün mənim günüm idi. Qələbə qazanmağı bacardım. Hər şey qaydasındadır”.

Alfonso Dominqes 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Döyüş avqustun 1-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Paris-2024-də beş boksçu ilə təmsil olunur.

Azərbaycan millisi Fransaya bütövlükdə 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.