Fransada keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) basketbolun 3×3 növü üzrə qadınların mübarizəsi davam edir.
Arena.az xəbər verir ki, Olimpiadalar tarixində ilk dəfə komanda idman növündə ölkəmizi təmsil edən Azərbaycan millisi bu gün növbəti matçına çıxıb.
Mersedes Uolker, Aleksandra Mollenhauer, Dina Ulyanova və Tifani Heysin yer aldığı komandamızın dördüncü rəqibi Almaniya yığması olub. Gərgin keçən matç millimizin növbəti məğlubiyyəti ilə yekunlaşıb.
Xatırladaq ki, komandamız ilk turda, Olimpiadadakı debüt matçında İspaniya yığması ilə qarşılaşmış və 16:18 hesabıyla uduzmuşdu. Azərbaycan millisi ABŞ yığmasına qarşı keçirdiyi ikinci oyununda Olimpiada tarixindəki ilk qələbəsini qazanmışdı – 20:17. Amma bu gün meydan sahibi Fransa yığması ilə oyun millimizin 10:15 hesabı məğlubiyyəti ilə yekunlaşmışdı.
Qeyd edək ki, turnirin əsas mərhələsində 8 komanda dairəvi sistemlə mübarizə aparır. Millimiz növbəti oyunlarını sabah Avstraliya və Çin yığmalarına qarşı keçirəcək. Avstraliya ilə oyuna Bakı vaxtı ilə saat 11:30-da start veriləcək. Çinlə görüşün start saatı isə 19:30 təyin olunub.
Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Millimizin heyətində hələlik iki cüdoçu – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes də özü üçün medalı təmin edib. Amma onun medalının əyarı növbəti görüşlərindən asılı olacaq.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Basketbol 3×3, qadınlar
4-cü tur
1 avqust
Almaniya – Azərbaycan – 12:8