Paris-2024: Azərbaycan millisi Çini məğlub etdi

Fransada keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) basketbolun 3×3 növü üzrə qadınların mübarizəsi davam edir.

Arena.az xəbər verir ki, Olimpiadalar tarixində ilk dəfə komanda idman növündə ölkəmizi təmsil edən basketbol üzrə Azərbaycan millisi bu gün növbəti matçına çıxıb.

Mersedes Uolker, Aleksandra Mollenhauer, Dina Ulyanova və Tifani Heysin yer aldığı komandamızın altıncı rəqibi Çin yığması olub. Gərgin keçən matç millimizin əlavə vaxtda qeydə alınan qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, komandamız ilk turda, Olimpiadadakı debüt matçında İspaniya yığması ilə qarşılaşmış və 16:18 hesabıyla uduzmuşdu. Azərbaycan millisi ABŞ yığmasına qarşı keçirdiyi ikinci oyununda Olimpiada tarixindəki ilk qələbəsini qazanmışdı – 20:17. Amma meydan sahibi Fransa (10:15), həmçinin Almaniya (8:12) və Avstraliya (12:21) oyunlar isə məğlubiyyətlə yekunlaşmışdı.

Qeyd edək ki, turnirin əsas mərhələsində 8 komanda dairəvi sistemlə mübarizə aparır. Millimiz növbəti oyununu sabah Kanada yığmasına qarşı keçirəcək. Bu görüşə Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.

Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Millimizin heyətində hələlik iki cüdoçu – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes də özü üçün ən azı bürünc medalı təmin edib. Amma onun medalının əyarı növbəti görüşlərindən asılı olacaq.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Basketbol 3×3, qadınlar
6-cı tur
2 avqust

Azərbaycan – Çin 21:19