Fransada keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) bu gün basketbolun 3×3 növü üzrə qadınların mübarizəsinə start verilib.
Arena.az xəbər verir ki, Olimpiadalar tarixində ilk dəfə komanda idman növündə ölkəmizi təmsil edən Azərbaycan millisi də yarışda debüt matçına çıxıb.
Mersedes Uolker, Aleksandra Mollenhauer, Dina Ulyanova və Tifani Heysin yer aldığı komandamızın ilk rəqibi İspaniya olub. Gərgin keçən matç rəqibin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turnirin əsas mərhələsində 8 komanda dairəvi sistemlə mübarizə aparır. Millimiz ikinci oyununu sabah ABŞ yığmasına qarşı keçirəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:30-da start veriləcək.
Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.
Basketbol 3×3, qadınlar
1-ci tur
30 iyul
İspaniya – Azərbaycan – 18:16