Paris-2024: Dımçenko üçün təsəlliverici final

Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) avarçəkmə yarışları davam edir.

Arena.az xəbər verir ki, bu gün akademik avarçəkmədə qadınların 2000 məsafəyə fərdi yarışında yarımfinal mərhələsinin görüşləri keçirilir.

Azərbaycan idmançısı Diana Dımçenko C/D yarımfinalında mübarizə aparıb. Medal şansını itirən idmançılar təsəlli xarakterli C və D finalına vəsiqələr üçün avar çəkiblər.

Diana yarımfinalın ikinci qrupunda 3-cü yeri tutub. O, məsafəni 7 dəqiqə 59,23 saniyəyə qət edib. Nəticədə idmançımız C finalına vəsiqə qazanıb.

Qeyd edək ki, final mərhələsinin qrupları avqustun 2-3-də mübarizə aparacaqlar.

Azərbaycan millisi Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. İdmançılarımızdan hələlik yalnız cüdoçu Hidayət Heydərov Olimpiya çempionu olub.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.