Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) cüdo yarışları davam edir.
Arena.az xəbər verir ki, bu gün Azərbaycan cüdoçularından daha biri – Hidayət Heydərov da mübarizəyə qoşulub.
Dünya reytinqinin birincisi olan Hidayət Heydərov mübarizəyə 1/8 finaldan başlayıb. Onun ilk rəqibi 1/16 finalın Tohar Bitbul (İsrail) – Reduan Masud Dris (Əlcəzair) cütündə müəyyənləşməli idi. Lakin afrikalı bu qarşılaşmaya çıxmaqdan imtina edib. Hidayət Olimpiadaya Bitbulla görüşlə start verib. Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən cüdoçumuz mərhələ adlayıb.
Heydərov 1/4 finalda Artur Marqelidon (Kanada) ilə görüşüb. Gərgin keçən qarşılaşma həmyerlimizin qələbəsi ilə bitib. O, bu rəqibinə ipponla qalib gəlib və yarımfinala yüksəlib.
Hidayət yarımfinalda Akil Qyakova (Kosovo) ilə üz-üzə gəlib. Cüdoçumuz bu dueli də aktivinə yazıb və finala vəsiqə əldə edib. Ən azı gümüş medalı təmin etmiş cüdoçumuz çempionluq uğrunda fransalı Joan-Benjamin Qabanı sınağa çəkəcək.
Xatırladaq ki, daha əvvəl mübarizəyə qoşulmuş digər cüdoçularımız – Balabəy Ağayev (60 kq), Leyla Əliyeva (48 kq), Yaşar Nəcəfov (66 kq) və Gültac Məmmədəliyeva (52 kq) starda məğlub olaraq Olimpiada ilə erkən vidalaşmışdılar.
Cüdo yığmamız Olimpiadada 9 idmançı ilə təmsil olunur.
Bütövlükdə isə Azərbaycan millisi Fransaya 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.