Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) cüdo yarışları davam edir.
Arena.az xəbər verir ki, bu gün Azərbaycan cüdoçularından daha biri – Hidayət Heydərov da mübarizəyə qoşulub.
Dünya reytinqinin birincisi olan Hidayət Heydərov mübarizəyə 1/8 finaldan başlayıb. Onun rəqibi 1/16 finalın Tohar Bitbul (İsrail) – Reduan Masud Dris (Əlcəzair) cütündə müəyyənləşməli idi. Lakin afrikalı bu qarşılaşmaya çıxmaqdan imtina edib. Hidayət Olimpiadaya Bitbulla görüşlə start verib. Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən cüdoçumuz mərhələ adlayıb. Heydərov 1/4 finalda Artur Marqelidon (Kanada) – İqor Vandtke (Almaniya) cütünün qalibi ilə görüşəcək.
Xatırladaq ki, daha əvvəl mübarizəyə qoşulmuş digər cüdoçularımız – Balabəy Ağayev (60 kq), Leyla Əliyeva (48 kq), Yaşar Nəcəfov (66 kq) və Gültac Məmmədəliyeva (52 kq) starda məğlub olaraq Olimpiada ilə erkən vidalaşmışdılar.
Cüdo yığmamız Olimpiadada 9 idmançı ilə təmsil olunur.
Bütövlükdə isə Azərbaycan millisi Fransaya 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.