Paris-2024: İmaməddin Xəlilov Paralimpiya çempionu oldu!

Fransanın paytaxtı Parisdə təşkil olunmuş Yay Paralimpiya Oyunlarında (Paris-2024) bu gün Azərbaycanın daha 3 idmançısı çıxış edib.

Arena.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha bir parataekvondoçusu mübarizəyə qoşulub.

İmaməddin Xəlilov (70 kq, K44) Paralimpiadaya 1/4 finaldan başlayıb. Miçel Ernesto Uolkerlə (Kuba) üz-üzə gələn təmsilçimiz 12:2 hesabı ilə qələbə qazanıb. Xəlilov yarımfinalda özbəkistanlı Cavoxir Alikulovla qarşılaşıb. İmaməddin rəqibi 7:2 hesabı ilə məğlub edib. O, finalda türkiyəli Fatih Çeliklə qarşılaşıb. Xəlilov 15:2 hesabı ilə qalib gələrək, Paralimpiya çempionu olub.

Xatırladaq ki, Paralimpiadanın ilk günündə parataekvondoçumuz Sabir Zeynalov (58 kq, K44) da bürünc medal qazanmışdı.

Bu gün Azərbaycan paraatıcısı Kamran Zeynalov da mübarizəyə qoşulub. O, P1 kateqoriyasında 10 metr məsafəyə atəşaçmada çıxış edib. Paralimpiyaçımız təsnifat mərhələsində 559 xalla 13-cü yeri tutub. Finala ilk 8 yerin sahibi yüksəldiyi üçün təmsilçimiz mübarizəni dayandırıb.

Azərbaycan millisinin paraatleti Oloxan Musayev də bu gün mübarizə aparıb. Pekin-2008-in qalibi F55 kateqoriyası üzrə nüvəitələmədə çıxış edib. Bu növdə 11 paralimpiyaçı medallar üçün yarışıb. Oloxan 11,44 metr nəticə ilə Paralimpiadanı 6-cı pillədə başa vurub. Çempion titulunu qazanan Rujdi Rujdi (Bolqarıstan) 12,4 metrlik nəticə göstərib.

Xatırladaq ki, Azərbaycanın paraatletika milli komandası Fransa paytaxtına 5 təmsilçi ilə yollanıb.

Azərbaycan paralimpiya yığması hazırda 2 medalla (1 qızıl və 1 bürünc) Paris-2024-də 22-ci pillədə qərarlaşıb.