Paris-2024: Keişa Fatimə Zəhra ilk sınağında məğlub oldu

Fransanın paytaxtı Paris şəhərində keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) bu gün badminton yarışlarına start verilib.

Arena.az xəbər verir ki, Azərbaycan təmsilçisi Keişa Fatimə Zəhra da ilk sınağına çıxıb.

Qadınların fərdi yarışında çıxış edən idmançımız qrup mərhələsində mübarizəyə başlayıb. N qrupunda yer alan badmintonçumuz 1-ci turda çinli Bing Jiao He ilə qarşılaşıb.

Hər iki qeymdə uduzan Keişa Olimpiadaya məğlubiyyətlə start verib. Badmintonçumuz növbəti matçını iyulun 29-da Böyük Britaniya təmsilçisi Kirsti Gilmora qarşı keçirəcək.

Azərbaycan badmintonçusu Olimpiadadakı ilk görüşünü belə şərh edib: “Birinci oyunda əlimdən gələni etməyə çalışdım. İlk olimpiadamdır. İstər-istəməz həyacan var idi. Rəqibim dünyanın 6-cısıdır və bura da medal ardınca gəldiyini gizlətmir. Çalışacağam ki, növbəti oyunda daha yaxşı çıxış edim”.

Qeyd edək ki, qrup mərhələsində yalnız birinci yeri tutan badmintonçu növbəti raunda adlayacaq.

Badminton, qadınlar
N qrupu
27 iyul

Keişa Fatimə Zəhra – Bing Jiao He (Çin) 0:2 (8:21, 7:21)

Azərbaycan millisi Fransada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Xəbəri istədiklərinizlə paylaşın