Paris-2024: Millimiz Fransaya məğlub oldu

Fransada keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) basketbolun 3×3 növü üzrə qadınların mübarizəsi davam edir.

Arena.az xəbər verir ki, Olimpiadalar tarixində ilk dəfə komanda idman növündə ölkəmizi təmsil edən Azərbaycan millisi bu gün növbəti matçına çıxıb.

Mersedes Uolker, Aleksandra Mollenhauer, Dina Ulyanova və Tifani Heysin yer aldığı komandamızın üçüncü rəqibi meydan sahibi Fransa yığması olub. Gərgin keçən matç millimizin məğlubiyyəti ilə yekunlaşıb.

Xatırladaq ki, komandamız ilk turda, Olimpiadadakı debüt matçında İspaniya yığması ilə qarşılaşmış və 16:18 hesabıyla uduzmuşdu. Azərbaycan millisi ABŞ yığmasına qarşı keçirdiyi ikinci oyununda isə Olimpiada tarixindəki ilk qələbəsini qazanmışdı – 20:17.

Qeyd edək ki, turnirin əsas mərhələsində 8 komanda dairəvi sistemlə mübarizə aparır. Millimiz növbəti oyununu bu gün Almaniya yığmasına qarşı keçirəcək. Bu oyuna Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Millimizin heyətində hələlik yalnız cüdoçu Hidayət Heydərov Olimpiya çempionu olub.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Basketbol 3×3, qadınlar
3-cü tur
1 avqust

Azərbaycan – Fransa 10:15