Paris-2024: Millimizdən ABŞ üzərində tarixi qələbə!

Fransada keçirilən Yay Olimpiya Oyunlarında (Paris-2024) basketbolun 3×3 növü üzrə qadınların mübarizəsi davam edir.

Arena.az xəbər verir ki, Olimpiadalar tarixində ilk dəfə komanda idman növündə ölkəmizi təmsil edən Azərbaycan millisi də bu gün növbəti matçına çıxıb.

Mersedes Uolker, Aleksandra Mollenhauer, Dina Ulyanova və Tifani Heysin yer aldığı komandamızın ikinci rəqibi Amerika Birləşmiş Ştatları (ABŞ) yığması olub. Gərgin keçən matç millimizin son Olimpiya çempionu ABŞ üzərində tarixi qələbəsi ilə yekunlaşıb.

Komandamız ilk turda, Olimpiadadakı debüt matçında İspaniya yığması ilə qarşılaşmış və 16:18 hesabıyla uduzmuşdu. Azərbaycan millisi Olimpiada tarixindəki ilk qələbəsini isə basketbolun vətəni hesab olunan ABŞ üzərində qazanmaqla özündən söz etdirib.

Qeyd edək ki, turnirin əsas mərhələsində 8 komanda dairəvi sistemlə mübarizə aparır. Millimiz növbəti oyunlarını sabah Fransa və Almaniya yığmalarına qarşı keçirəcək. Hər iki görüş eyni günə təsadüf edəcək. Meydan sahibi olan fransızlarla oyuna Bakı vaxtı ilə saat 14:30-da start veriləcək. Almaniya ilə qarşılaşmanın start saatı isə 20:30-dur.

Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Millimizin heyətində hələlik yalnız cüdoçu Hidayət Heydərov Olimpiya çempionu olub.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Basketbol 3×3, qadınlar
2-ci tur
31 iyul

ABŞ – Azərbaycan – 17:20