Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) üzgüçülük yarışları davam edir.
Arena.az xəbər verir ki, bu gün Azərbaycan üzgüçüsü Ramil Vəlizadə də mübarizəyə qoşulub.
200 metr məsafəyə batterflay üsulu ilə üzən idmançımız təsnifat mərhələsindən mübarizəyə başlayıb.
Ramil 1-ci qrupda çıxış edib. O, dörd iştirakçı arasında 2-ci olub. Vəlizadə məsafəni 1 dəqiqə 59,77 saniyəyə qət edib. Matin Balsini (Qaçqınların Olimpiya Komandası) və Gerald Ernandesi (Nikaraqua) qabaqlayan üzgüçümüz Petar Petrov Mitsindən (Bolqarıstan) geri qalıb.
İdmançımızın taleyinə digər üç qrupda yarış başa çatdıqdan sonra aydınlıq gəlib. Ümumilikdə yarışa qatılan 28 iştirakçı arasında ən yaxşı nəticəyə malik 16 idmançı yarımfinala adlayıb. Təəssüf ki, Azərbaycan üzgüçüsü Yay Olimpiya Oyunlarında çıxışını erkən başa vurub. Belə ki, idmançımız təsnifat mərhələsini adlaya bilməyib.
Buna onun yekun nəticəsi səbəb olub. Üzgüçümüz 27 iştirakçı arasında 25-ci olub, bir idmançı isə yarışa qatılmayıb. Yarımfinala 16 ən yaxşı idmançı yüksəldiyi üçün Ramil mübarizəni dayandırmalı olub.
Qeyd edək ki, təsnifatda ən yaxşı nəticəni macarıstanlı olimpiya rekordçusu Kşiştof Milak göstərib – 1 dəqiqə 53,92 saniyə.
Azərbaycan millisi Fransaya 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.