Paris-2024: Sabah Şəriəti qalib gəlib, Murad Məmmədov uduzdu

Fransanın paytaxtı Parisdə təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) bu gün Azərbaycanın daha iki idmançısı mübarizəyə qoşulub.

Arena.az xəbər verir ki, bu gün start götürmüş yunan-Roma güləşi üzrə yarışlarda Sabah Şəriəti və Murad Məmmədov ilk görüşlərinə çıxıblar.

Hər iki güləşçimiz yarışa 1/8 final mərhələsindən başlayıb.

Sabah Şəriəti 130 kq çəki dərəcəsində estoniyalı Heyki Nabi ilə mübarizə aparıb. Görüş 1:1 hesabı ilə yekunlaşsa da, Şəriəti sonuncu xal prinsipinə əsasən mərhələ adlayıb. O, 1/4 finalda Alımxan Sızdıkovla güləşəcək.

Murad Məmmədov isə 60 kq çəki dərəcəsində Venesueladan olan Rayber Xose Rodriqez Oroskonu məğlub etməyə çalışıb. Lakin o, bu rəqibinə 5:6 hesabı ilə uduzub.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq. Azərbaycanın yunan-Roma güləşi üzrə yığması Olimpiadada 5 idmançı ilə təmsil olunur.

Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Hələlik iki cüdoçumuz – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olub. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq.