Paris-2024: Selcan Mahsudova təsnifatda dayandı

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransada keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.

Arena.az xəbər verir ki, Paris şəhərində təşkil olunmuş Olimpiya Oyunlarında batut gimnastikası üzrə yarışlara bu gün start verilib.

Artıq qadınların mübarizəsində təsnifat mərhələsi başa çatıb. Azərbaycan gimnastı Selcan Mahsudova da bacarığını nümayiş etdirib. O, bu idman növündə Olimpiadaya qatılan ilk təmsilçimiz kimi tarixə düşüb.

Mahsudovanın ilk çıxışı 42,950 xalla qiymətləndirilib. İdmançımız ikinci cəhdində daha yaxşı çıxış edə bilib – 53,750. O, bu nəticə ilə 16 idmançının qatıldığı təsnifat mərhələsini 10-cu yerdə başa vurub. Selcan final mərhələsinə adlayan 8 gimnast sırasına düşə bilməyib və mübarizəni dayandırıb.

Mahsudova Yay Olimpiya Oyunlarındakı çıxışını dəyərləndirib. 20 yaşlı idmançı mübarizəni dayandırdıqdan sonra ona dəstək olan hər kəsə öz təşəkkürünü bildirib:

“Məni dəstələyən hər kəsə öz təşəkkürümü bildirirəm. Ailəm, yaxınlarım və dostlarım məni izləyib, dəstəkləyirdilər. Bu mənim ilk olimpiada yarışım idi. Azərbaycan batut gimnastik növündə ilk olimpiya lisenziyasını qazandım. Öz çıxışımdan tam razı qalmadım. Məqsədim qarşıdakı olimpiadaya vəsiqə qazanmaqdır. Ümid edirəm ki, gələcəkdə daha yaxşı çıxış edəcəm”.

Xatırladaq ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan Olimpiadada bütövlükdə 48 idmançı ilə təmsil olunur. Onlardan yalnız ikisi – cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) medal qazanıblar. Hər iki idmançımız bütün rəqiblərinə qalib gələrək Olimpiya çempionu olublar.