Paris-2024: Yaşar Nəcəfov da startda uduzdu

Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) cüdo yarışları davam edir.

Arena.az xəbər verir ki, bu gün Azərbaycan cüdoçularından daha biri – Yaşar Nəcəfov da mübarizəyə qoşulub.

66 kq çəki dərəcəsində mübarizə aparan Yaşar Olimpiadaya 1/16 finaldan başlayıb. Straxinya Bunçiçlə (Serbiya) güləşən cüdoçumuz vaza-ari xalı ilə məğlub olub.

Xatırladaq ki, ötən gün mübarizəyə qoşulmuş digər cüdoçularımız – Balabəy Ağayev (60 kq) və Leyla Əliyeva (48 kq) da starda məğlub olaraq Olimpiada ilə erkən vidalaşmışdı.

Cüdo yığmamız Olimpiadada 9 idmançı ilə təmsil olunur. Bu gün daha bir cüdoçumuz Parisdə tatamiyə çıxacaq. Millimizin açılış mərasimindəki bayraqdarı Gültac Məmmədəliyeva 1/16 finalda qüvvəsini sınayacaq. O, Anjelika Delqado (ABŞ) ilə üz-üzə gələcək.

Bütövlükdə isə Azərbaycan millisi Fransaya 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.