Fransanın paytaxtı Paris şəhərində təşkil olunmuş Yay Olimpiya Oyunlarında (Paris-2024) cüdo yarışları davam edir.
Arena.az xəbər verir ki, bu gün Azərbaycan cüdoçularından daha biri – Zelim Tçkayev də mübarizəyə qoşulub.
81 kq-da mübarizə aparan cüdoçumuz yarışa 1/16 finaldan start verib. Zelim Tçkayev startda Umar Alfa Djalo (Fransa) ilə görüşüb. İpponla qalib gələn rəqib mərhələ adlayıb. Nəticədə Tçkayev Olimpiadaya erkən vida edib.
Xatırladaq ki, daha əvvəl mübarizəyə qoşulmuş digər cüdoçularımız – Balabəy Ağayev (60 kq), Leyla Əliyeva (48 kq), Yaşar Nəcəfov (66 kq) və Gültac Məmmədəliyeva (52 kq) da starda məğlub olaraq Olimpiada ilə erkən vidalaşmışdılar. Ötən gün yarışan Hidayət Heydərov (73 kq) isə Olimpiadanın çempionu tituluna yiyələnib.
Cüdo yığmamız Olimpiadada 9 idmançı ilə təmsil olunur.
Bütövlükdə isə Azərbaycan millisi Fransaya 48 idmançı ilə yollanıb. Yığmamız 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.
Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.