Parisdə nasist salamı xorvat azarkeşlərə baha başa gəldi

UEFA Millətlər Liqasının 1/4 finalının Fransa və Xorvatiya yığmaları arasındakı cavab oyunundan sonra yeddi xorvat azarkeş saxlanılıb.

Arena.az bu barədə “Le Parisien” dərgisinə istinadən məlumat verir.

Bu qanacaqsızlar nasist salamı nümayiş etdirməklə əyləniblər və “Stad de Frans”ın təhlükəsizlik xidmətinin diqqətini cəlb ediblər. Neonasistlər dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbsə alınıblar.

“İdman – idmandır və bayram olaraq qalmalıdır. Belə adamlara idman müstəvisində yer yoxdur”, – Paris perfekti Loran Nunyes özünün rəsmi şəbəkə hesabları üzərindən dərc edib.

Xatırladaq ki, Splitdə keçirilmiş ilk oyunda 0:2 hesabı ilə məğlub olmuş “xoruzlar” evdə eyni hesablı qələbə sayəsində oyunu penaltilər silsiləsinə daşıyaraq, 5:4 hesablı qələbəyə seviniblər.

Yarışın yarımfinal mərhələsinə adlamış Fransa yığmasının rəqibi İspaniya yığması olacaq.