“Parma” Kobbautla vidalaşdı, Mikolayevskini icarəyə verdi

İtaliyanın “Parma” klubu iki futbolçusu – hücumçu Daniel Mikolayevski və müdafiəçisi Elias Kobbautla yollarını ayırıb.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən məlumat verir.

Kobbaut Praqa “Sparta”sına keçib. Çexiya klubu bu transferin detallarını və 26 yaşlı oyunçu ilə müqavilənin müddətini açıqlamayıb.

Elias Kobbaut Belçikanın “Mexelen” klubunun yetirməsidir. “Anderlext”də də oynamış belçikalı müdafiəçi “Parma”ya 2021-ci ilin avqust ayında cəlb olunmuşdu. O, İtaliya klubunun heyətində 46 oyun keçirib, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Belçikanın U-21 yığmasında da oynamış futbolçu 2019-cu ildə əsas millidə debüt edib, amma sonralar dəvət almayıb.

Daniel Mikolayevski isə Polşanın “Zaqlembe” klubuna icarəyə göndərilib. 18 yaşlı forvard bu mövsümün sonunadək vətənində çıxış edəcək.

Mikolayevski Polşanın “Yaquar” klubunun yetirməsidir. O, “Parma”ya 2022-ci ilin sentyabr ayında cəlb olunub. Polşalı forvard İtaliya klubunda aşağı yaş qrupları üzrə komandalarda çıxış edib, əsas komandada debüt şansı qazanmayıb.

Polşalı oyunçu ölkəsinin U-16, U-17 və U-18 yığmalarında da forma geyinib.