Patrik Andrade: “Həmişə qələbə qazanmaq olmur”

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Azərbaycan Kubokunun 1/4 finalında “Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini paylaşıb.

31 yaşlı futbolçu 3:4 hesabıyla uduzduqları cavab matçından (ilk oyun 7:1) sonra Arena.az saytının əməkdaşının da suallarını cavablandırıb:

  • Oyun haqda təəssüratlarınız necədir?
  • Çox maraqlı oyun keçdi. Biz qapımızda daha çox qol gördük. Matçın sonlarına doğru çalışdıq ki, hesabı bərabərləşdirək. Amma bu, bizdə alınmadı.
  • “Braqa” ilə oyunla bağlı hansı fikridəsiniz?
  • Növbəti oyunumuz yenə “Sabah”a qarşı olacaq. Diqqətimiz hazırda məhz bu matçdadır, ona fokuslanmışıq. Ondan sonra “Braqa” haqda danışmaq olar.
  • Qarşıdakı çempionat matçı “Sabah”la bugünkü kubok matçından fərqli olacaq…
  • Komanda olaraq rəqiblərə fərq qoymadan eyni tempdə hazırlaşırıq. Futbol belədir. Hər zaman qalibiyyət olmur. Bu gün biz məğlub olduq. İnanıram ki, növbəti oyun daha yaxşı olar.
  • Ölkə kubokunun qalibi olmaq yolunda şansları necə dəyərləndirirsiniz?
  • Biz addım-addım inkişaf edirik. Yekunda biləcəyik nəticəni. Bu dəqiqə nəsə demək çətindir.
  • Afrika Millətlər Kubokundan gəlmisiniz. Yorğunluq var?
  • Ən böyük çətinlik ondadır ki, orda hava çox isti idi. Buna görə iki gün ərzində uyğunlaşmaq çətin olur. Zamanla hər şey qaydasına düşər.
  • Yığmanın son oyununda necə oldu ki, komanda yoldaşlarının böyük əksəriyyəti penaltini vura bilmədi? Hətta siz də hədəfə düşə bilmədiniz…
  • Həmin gün bəxt qapıçının yanında idi. Həmin qapıçını yalnız təbrik etmək lazımdır.
  • Millidə az şans almağın zədənlə bağlı idi?
  • Millinin düşərgəsinə getdiyim həftə zədə aldım. Bir həftə məşqlərdən kənarda qaldım. Futbol belədir ki, sən zədəlisənsə, yerinə digər hazırlıqlı oyunçular oynayır.
  • Premyer Liqada ikinci yerdən böyük xal fərqi ilə öndəsiniz. Bu, bir arxayınlıq yaratmır, oyunlara necə motivasiya olursunuz?
  • Biz heç zaman belə şeylərə baxıb rahat olmuruq. Bütün oyunlara qələbə üçün çıxırıq. Bu da bizim motivasiyamızı artırır.

Xatırladaq ki, Afrika Millətlər Kubokuna görə xeyli müddət idi Kabo Verde yığmasının düşərgəsində olan Patrik Andrade “Sabah”a qarşı 27 dəqiqə oynayıb.

Nahid Məmmədov