Futbol üzrə Kabo Verde yığmasının və Azərbaycan çempionu “Qarabağ”ın mərhəz yarımmüdafiəçisi Patrik Andrade zədələnib.
Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu Kabo Verde milli komandasının düşərgəsində sıradan çıxıb.
Bu barədə Kabo Verde Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Belində ağrılar olan Andradenin millinin ardıcıl iki məşqini buraxdığı diqqətə çatdırılıb. Onun qarşıdakı oyunlarda iştirakı da sual altındadır.
Qeyd edək ki, Kabo Verde yığmasını qarşıda Tunislə yoldaşlıq oyunu gözləyir. Yanvarın 10-da keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.
Andradenin komandasını daha sonra Afrika Millətlər Kubokunda gərgin mübarizə gözləyir. Kabo Verde yığması bu turnirdəki ilk oyununa yanvarın 15-də çıxacaq. Rəqib isə Qana yığması olacaq.
Kabo Verde millisi Afrika Millətlər Kubokunda Məhəmməd Salahın kapitanı olduğu Misir, eləcə də Qana və Mozambik yığmaları ilə eyni qrupda yer alıb.
Patrik Andrade 2023-cü ilin iyul ayından “Qarabağ”ın formasını geyinir. O, cari mövsümdə Ağdam klubunun heyətində 24 oyuna çıxıb və 1 məhsuldar ötürmə müəllifi olub.
Andrade 2020-ci ilin avqustundan 2022-ci ilin yayına qədər də “Qarabağ”da çıxış edib. O, həmin dövrdə də 70 oyuna çıxıb, 12 qol vurub, eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.
Patrik ötən mövsümün əvvəlində “Qarabağ”dan ayrılaraq Serbiyanın “Partizan” klubuna üz tutsa da, mövsüm bitən kimi yenidən Ağdam təmsilçisinə qayıtmağa qərar vermişdi. Yarımmüdafiəçi “Çerno More”, “Sportinq” (Praya), “Desportivo da Praya”, “Benfika da Praya”, “Ribeyrao”, “Joane”, “Moreyrense”, “Famalikan”, “Salqeyros” kimi komandalarda da forma geyinib. Futbolçu ölkəsinin yığma komandasında da 17 oyuna çıxıb.