Futbol üzrə Avstriya milli komandasının qapıçısı Patrik Pents Fransanın “Reyms” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 26 yaşlı qolkiper Almaniyanın “Bayer” klubuna transfer olunub.
Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Futbolçu yeni klubu ilə müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb. “Bayer”in bu transfer üçün “Reyms”ə nə qədər vəsait ödədiyi açıqlanmır.
Patrik Pents 2022-ci ilin iyul ayında “Autsria” (Vyana) klubundan “Reyms”ə transfer olunmuşdu. O, Liqa 1 təmsilçisində cəmi 7 oyuna çıxıb, 14 qol buraxıb. Qapıçının bundan əvvəlki karyerası bütövlükdə yetirməsi olduğu “Austria” klubuna məxsusdur. Avstriyanın U-19 və U-21 yığmalarında da oynamış qolkiper, əsas millidə də 1 oyuna çıxıb.
Yeri gəlmişkən qeyd edək ki, son günlərdə qapıçı axtarışında olan “Qarabağ”ın “Bayer”in şərəfini qoruyan rusiyalı qolkiper Andrey Lunyovu heyətinə qatacağı barədə xəbərlər dolaşmaqda idi. Pentsin “Bayer”ə transferindən sonra bu ehtimal daha da artıb. Hətta Lunyovun agenti Anton Smirnov oyunçunun “Qarabağ”a keçə biləcəyi ehtimalı ilə bağlı fikirlərini də bölüşüb. O, “RB Sport” nəşrinə açıqlamasında 32 yaşlı qolkiperin Ağdam klubu ilə yanaşı, İngiltərə Çempionşipdən və Türkiyə Super Liqasından təklif aldığını söyləyib. Onun sözlərinə görə, Leverkuzen təmsilçisinin heyətinə yeni çərçivə qoruyucusu cəlb etməsi vəziyyəti 180 dərəcə dəyişib:
“Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış yeni klub axtarmaq çətindir, amma bir neçə variantımız var. “Qarabağ”la birbaşa danışıqlar aparmamışıq. Amma bu gün “Bayer”in idman direktoru mənə dedi ki, Azərbaycan təmsilçisinin Lunyovu almaq istəyi var. Kluba rəsmi məktub gəlib. Rəhbərlik qapıçının qərarına hörmət edir. Məqbul variant və sağlamlığı ilə bağlı hər şey qaydasında olsa, onu buraxacaq. Əks halda, problem də yoxdur. Andrey müqaviləsinin sonunadək “Bayer”də qalacaq. Vəziyyətinə baxıb qərar verəcəyik. Yaxın müddətdə meydana qayıda bilsə, başqa kluba keçməyə çalışacaq. Elə ölkələr var ki, məsələn, Türkiyə və Azərbaycan, orada transfer pəncərəsi gec bağlanır”.
Xatırladaq ki, Moskva “Torpedo”sunun yetirməsi olan Andrey Lunyov ölkəsində “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit”in də formasını geyinib.


