Patrik van Anholt daha bir mövsüm PSV-də qalacaq

Futbol üzrə Niderland milli komandasının sol cinah müdafiəçisi Patrik van Anholt yayda Türkiyənin “Qalatasaray” klubuna qayıtmayacaq. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu icarə əsasında çıxış etdiyi PSV-də daha bir mövsüm keçirəcək.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Müdafiəçinin 2023/24 mövsümünün sonuna kimi icarədə oynayacağı açıqlanıb. Maraqlıdır ki, Anholtun “Qalatasaray”la müqaviləsinin də müddəti məhz 2024-cü ilin 30 iyununa qədərdir.

Xatırladaq ki, Patrik Van Anholt 2021-ci ilin iyul ayında azad agent kimi “Qalatasaray”la 3 illik müqavilə bağlamışdı. O, İstanbul təmsilçisində 62 oyun keçirib və bu matçlarda 3 qol, 5 məhsuldar ötürmə müəllifi olub. Bu ilin fevral ayında isə o, icarə əsasında PSV-yə üz tutmuşdu. Müdafiəçinin icarə müqaviləsi bu mövsümün sonuna kimi nəzərdə tutulmuşdu. Lakin görünür tərəflər bu əməkdaşlığın növbəti mövsümdə də qüvvədə olmasında maraqlı olublar.

Patrik əvvəllər “Kristal Pelas”, “Sanderlend”, “Vitess”, “Uiqan”, “Lester Siti”, “Nyukasl”, “Koventri Siti” və “Çelsi”də də forma geyinib. Futbolçu Niderland milli komandasında da 19 oyun keçirib.

PSV bu mövsüm Niderland çempionatında topladığı 49 xalla 5-ci pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: