Patrisio Masini “Cenoa” ilə yeni müqaviləyə imza atdı

Futbol üzrə İtaliya A Seriyasında mübarizə aparan “Cenoa” klubu mərkəz yarımmüdafiəçisi Patrisio Masini ilə müqaviləsini yeniləyib.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

Yeni sözləşməyə əsasən, italiyalı futbolçu 2028-ci ilin 30 iyununadək bu klubun uğurları üçün çalışmağa davam edəcək. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti bu mövsümün sonunda bitəcəkdi.

Patrisio Masini “Cenoa”nın yetirməsidir. O, icarə əsasında “Sambenedettese”, “Lekko”, “Novara”, “Askoli” kimi klubların da şərəfini qoruyub. Masini “Cenoa”nın əsas komandasında 12 oyuna çıxıb, 1 qola imza atıb.

“Cenoa” “Milan”ın hücumameyilli yarımmüdafiəçisi Hüqo Kuenkanı da heyətinə qatdığını açıqlayıb. Paraqvaydan olan 20 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Hüqo Kuenka Paraqvayın “Deportivo Kapiata” klubunun yetirməsidir. Gənc yarımmüdafiəçi 2022-ci ilin avqustunda 400 min avro müqabilində “Milan”ın futbol akademiyasına cəlb olunmuşdu. Paraqvayın U-16 yığmasında da oynamış Kuenka 2024-cü ilin sentyabrında debüt etdiyi əsas millidə hələlik 1 oyun keçirib.

“Cenoa”da iki ayrılıq da yaşanıb. Genuya klubu mərkəz yarımmüdafiəçisi Emil Bohineni “Frozinone”yə icarəyə verib. Uruqvaylı hücumameyilli yarımmüdafiəçi Qaston Pereyro isə “Bari”yə keçib. 29 yaşlı futbolçu yeni klubu ilə 1,5 + 1 illik müqaviləyə imza atıb.

Qaston Pereyro “Nasional”ın yetirməsidir. PSV, “Kalyari”, “Ternana” kimi klublarda da oynamış uruqvaylı yarımmüdafiəçi bu mövsümün əvvəlində cəlb olunduğu “Cenoa”da cəmi 2 oyuna çıxıb, fərqlənə bilməyib. O, Uruqvay yığmasında 13 oyuna 5 qol vurub.

Norveçli Emil Bohinen isə “Stabek”in yetirməsidir. ÇSKA (Moskva) və “Salernitana”da da oynamış 25 yaşlı yarımmüdafiəçi 2024-cü ilin iyulunda 2 milyon avroya cəlb olunduğu “Cenoa”da 9 oyuna çıxıb, fərqlənə bilməyib. O, Norveçin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas milliyə cəlb edilməyib.