Pau Kubarsi Çempionlar Liqasında “el klasiko” finalı istəyir

“Barselona”nın 18 yaşlı ispan mərkəz müdafiəçisi Pau Kubarsi UEFA Çempionlar Liqasının finalında “Real”la qarşılaşmağı xəyal edir.

Arena.az gənc futbolçunun müvafiq fikrini təqdim edir:

“Real” yaxşı çıxış edir. Bizimlə də hər şey yaxşıdır. Biz UEFA Çempionlar Liqasının finalında qarşılaşa bilərdik. Çünki onlar əla komandadır, elə, biz də. Odur ki, bu, baxılması maraqlı olan əla final olardı”, deyə Kubarsi bildirib.

Həmçinin ispan müdafiəçi “Barselona”da oynamayan üç ən yaxşı futbolçunun adını açıqlayıb:

“Barselona” üçün oynamayan üç ulduz? Vircil van Deyk, Məhəmməd Salah və Camal Musiala”, deyə Kubarsi komanda yoldaşı olmayan bəyəndiyi oyunçuları vurğulayıb.

Pau Kubarsi futbola “Jirona”da qədəm qoyub. İspan müdafiəçi buradan 2018-ci ildə “Barselona”nın akademiyasına yol tapıb və böyük futbolda debüt edib. Kubarsinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kubarsi cari mövsümdə “blauqrana”nın heyətində 42 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Gənc müdafiəçinin “Barselona” karyerası ümumilikdə 66 oyun, 1 qol və 4 məhsuldar ötürmədən ibarətdir.

Pau Kubarsi 2024-cü ilin mart ayında debüt etdiyi İspaniya yığmasının heyətində 5 oyun keçirib, 1 məhsudlar ötürmə verib.

Kubarsinin qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya Super Kuboku (2024/2025) İspaniyanın U-17 yığması ilə qazandığı 2023-cü il Alqarve beynəlxalq turnirinin kuboku, 2024-cü il Olimpiya futbol turnirinin qızıl medalı var.

“Transfermarkt” internet-portalı 18 yaşlı ispan mərkəz müdafiəçinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın