“Barselona”nın 17 yaşlı ispan mərkəz müdafiəçisi Pau Kubarsi “blauqrana”nın alman baş məşqçisi Hans-Diter Flikə təşəkkür edib.
Arena.az xəbər verir ki, Kubarsi ona oyun vaxtı verdiyi üçün alman mütəxəssisə minnətdarlığını ifadə edib:
“Oyunlara start heyətində başlayacağımı bilmədiyim üçün müəyyən qeyri-müəyyənlik yaşayırdım, amma məşqçi mənə inandı. Buna görə ona çox minnətdaram. Mən yüz faiz can qoymaqda davam etmək istəyirəm ki, o, mənə daha çox inansın. O, meydandan kənarda nəsə baş versə belə, həmişə oyunçulara kömək etməyə çalışan əla mütəxəssisdir”, deyə gənc futbolçu vurğulayıb.
Pau Kubarsi “Jirona”da futbola qədəm qoyub. İspan müdafiəçi buradan 2018-ci ildə “Barselona”nın akademiyasına yol tapıb.
Kubarsi cari mövsümdə “blauqrana”nın heyətində 4 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə fərqlənib. Gənc oyunçunun “Barselona” karyerası bütövlükdə 28 oyun və 2 məhsuldar ötürmədən ibarətdir.
Pau Kubarsi 2024-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 3 oyun keçirib, məhsudlar fəaliyyəti ilə diqqət çəkməyib.
Kubarsinin qənimətlər muzeyində İspaniyanın U-17 yığması ilə qazandığı 2023-cü il Alqarve beynəlxalq turnirinin kuboku var.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispan müdafiəçinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.