Pau Kubarsi – La Liqada 23 yaşlılar arasında martın ən yaxşısı

“Barselona”nın ispan mərkəz müdafiəçisi Pau Kubarsi 23 yaşa qədər (və daxil olmaqla) La Liqada mart ayının ən yaxşı futbolçusu seçilib.

Arena.az bu barədə İspaniya La Liqasının rəsmi saytına istinadən məlumat verir.

17 yaşlı Kubarsi mart ayında “blauqrana”nın heyətində 3 tam oyun keçirib. Bu oyunlarda “Barselona” 2 qələbə qazanıb və 1 dəfə heç-heçə edib. Yeniyetmə ispan futbolçu səsvermədə “Valensiya”nın gürcü qapıçısı Giorgi Mamardaşvili (23 yaş), “Vilyarreal”ın ispan yarımmüdafiəçisi Aleks Baena (22 yaş), Bilbao “Atletik”inin ispan yarımmüdafiəçisi Benyata Prados (23 yaş) və “Real”ın fransalı yarımmüdafiəçisi Eduardu Kamavinqanı (21 yaş) qabaqlayıb.

Kubarsi “Barselona”nın heyətində 2024-cü ilin yanvar ayının 18-də “Unionistas de Salamanka” komandası ilə İspaniya Kral Kuboku çərçivəsində keçirilmiş oyunda rəsmi debüt edib. O, debüt matçında məhsuldar ötürmə ilə fərqlənib.

Pau Kubarsi “Jirona”da futbola qədəm qoyub. İspan futbolçu buradan “Barselona”nın akademiyasına yol tapıb. Kubarsinin Kataloniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Kubarsi cari mövsümdə “blauqrana”nın heyətində 13 oyuna. Gənc futbolçu bu oyunlarda 1 məhsuldar ötürmə ilə fərqlənib.

Pau Kubarsi 2024-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 2 oyun keçirib, məhsudlar fəaliyyəti ilə diqqət çəkməyib.

Kubarsinin qənimətlər muzeyində İspaniyanın U-17 yığması ilə qazandığı 2023-cü il Alqarve beynəlxalq turnirinin kuboku var.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispan müdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.